Ağstafa rayonunda “Dəyişən dünyada dəyərlər, inanc və kimlik” mövzusunda keçirilən regional konfrans işini panel sessiyalarla başa çatdirib.
“Fərdi və kollektiv kimliyi formalaşdıran amillər” mövzusundakı I panel sessiyaya Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov moderatorluq edib.
“Çoxqatlı kimlik: ənənə və qloballaşma şəraitində kimliyin formalaşması” mövzusunda təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev qeyd edib ki, hazırkı dövrdə sürətlə dəyişən informasiya mühiti insanın “Mən kiməm?” və “Biz kimik?” suallarına verdiyi cavabları yenidən formalaşdırır. Qloballaşma və sürətli sosial dəyişikliklər fonunda adət-ənənələrin qorunması məsələsi daha da aktuallaşır. K.Tağıyev dövlət bayrağımızın üç rəngində ifadə olunan milli köklərə bağlılıq, çağdaşlaşma və mənəvi dəyərlərə sədaqət prinsiplərinin əhəmiyyəti barədə də danışıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov “Kimlik böhranı və mənəvi dəyərlər: müasir insanın özünüdərk problemi” adlı məruzəsində hazırda müşahidə olunan kimlik böhranının yaranmasını fərdi azadlıqlarla cəmiyyətin ortaq dəyərləri arasındakı tarazlığın zəifləməsi ilə əlaqələndirib. Müasir insanın qarşısında duran əsas vəzifə kimliyini yalnız zahiri əlamətlər və formal göstəricilər əsasında qorumaq deyil, onu vicdan və əxlaqi məsuliyyət kimi daxili dəyərlər üzərində formalaşdırmaq və inkişaf etdirməkdir.
“Kollektiv və fərdi kimliyin formalaşmasında elmi dürüstlük: məzhəblərarası perspektiv” istiqamətində fikirlərini bölüşən Bakı İlahiyyat Kollecinin müəllimi İlkin Səlimov bildirib ki, məzhəblərarası münasibətlərdə yaranan gərginliklərin kökündə çox vaxt fikir ayrılığının özü deyil, həmin fərqliliklərin yanlış təqdim olunması, qarşı tərəfin mövqeyinin təhrifi və əsassız iddiaların elmi həqiqət kimi dövriyyəyə buraxılması dayanır.
Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun moderatorluğu ilə keçirilən “Gənclərlə mənəvi dialoq: müasir yanaşmalar və effektiv ünsiyyət” adlı II panel sessiyada mövzu ilə bağlı müzakirələr davam etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov “Gənclərlə mənəvi dialoq: Müasir yanaşmalar, effektiv ünsiyyət və sağlam dəyərlərin formalaşdırılması üzrə strateji baxış” məsələlərinə dair təqdimatında sürətlə dəyişən sosial və informasiya mühitinin gənclərin daxili aləminə göstərdiyi təsirlər, üzləşdikləri çağırışlar və onlarla aparılan maarifləndirmə işinin metodologiyası haqqında danışıb. Vurğulayıb ki, əsas məqsəd gəncləri sadəcə qorumaq deyil, həm də onları düzgün istiqamətləndirməkdir, çünki cəmiyyətin formalaşmasında məhz gəncliyin düşüncə tərzi və məsuliyyəti mühüm rol oynayır.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı şəhəri “İlahiyyat” məscidinin imamı Vüqar Səmədov gənclik dövrünün şəxsiyyətin formalaşması baxımından mühüm mərhələ olduğunu diqqətə çatdırıb. Gənclərin qarşılaşdıqları ideoloji və əxlaqi çağırışlara qarşı düzgün mövqe sərgiləmələri üçün dini bilikləri etibarlı mənbələr əsasında mənimsəmələrinin, mötədillik prinsipinə riayət etmələrinin, elmə yiyələnmələrinin, vətənpərvərlik ruhunda yetişmələrinin, o cümlədən radikal meyillərdən uzaq durmalarının vacibliyi barədə fikirlərini bölüşüb.
Qazax şəhər “Cümə” məscidinin imamı Zaur Budaqov çıxışında gənclərin savadlı, yüksək əxlaqlı və vətənpərvər ruhda böyüməsinin dövlətin uğurlu gələcəyinin təminatı olduğunu vurğulayıb. Bildirib ki, əsl vətənpərvərlik öz vəzifəsini vicdanla yerinə yetirmək, elmə və təhsilə yiyələnmək, cəmiyyətə fayda verməkdir.
Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirak etdikləri regional konfransda iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
