DünyaXəbərlər

Aİ Myanmanı rohinca müsəlmanlarına qarşı soyqırımı ilə bağlı qərarı icra etməyə çağırıb

Avropa İttifaqı (Aİ) Myanmanı Arakan (rohinca) müsəlmanlarına qarşı soyqırımı törətməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal və tam şəkildə icra etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin cümə axşamı yaydığı bəyanatda qurumun bütün dünyada cəzasızlıqla mübarizəyə sadiqliyini davam etdirdiyi bildirilib.

Qeyd olunub ki, rohinca xalqı zorakılıq və məcburi köçkünlük də daxil olmaqla ağır faciələrlə üzləşib. Bəyanatda məhkəmənin tarixi qərarının qurbanlar üçün ədalətin təmin edilməsinin və beynəlxalq hüququn qorunmasının vacibliyini bir daha təsdiqlədiyi vurğulanıb.

Avropa İttifaqı Myanmanı soyqırımı törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə, məhkəmə qərarını gecikdirmədən tam icra etməyə, dəymiş zərərin nəticələrini aradan qaldırmağa və bərpası mümkün olmayan zərərlərə görə kompensasiya ödəməyə çağırıb.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı cümə axşamı qəbul etdiyi qərarla 2017-ci ildə Myanmanın təhlükəsizlik qüvvələri tərəfindən rohinca müsəlmanlarına qarşı törədilmiş minlərlə qətlin dövlətin dəstəklədiyi soyqırımı aktı olduğunu müəyyən edib.

Haaqada Qambiyanın iddiası üzrə qərarı elan edən məhkəmənin sədri Yudzi İvasava bildirib ki, Myanma Rakxayn (Arakan) ştatının şimalında yaşayan bir qrup rohincaya qarşı soyqırımı törədib və bununla da Soyqırımı haqqında Konvensiyanın öhdəliklərini pozub.

Qərarı oxuyan məhkəmə sədri Yudzi İvasava bildirib: “Məhkəmə müəyyən edib ki, Myanmanın təhlükəsizlik qüvvələri minlərlə dinc rohinca sakinini qətlə yetirib, genişmiqyaslı cinsi zorakılıq aktları törədib, uşaqlara qarşı son dərəcə qəddar əməllərə yol verib, həmçinin qaçmağa çalışan rohincalara hücum edib”.

Məhkəmə Myanmanı ən azı 700 min rohinca müsəlmanının məcburi şəkildə ölkəni tərk etməsinə səbəb olan hərbi əməliyyat nəticəsində baş vermiş soyqırımına görə məsuliyyətli hesab edib.

Daha çox göstər
Back to top button