İslam suallarda

Peyğəmbərin doğum tarixi ilə bağlı dini mənbələrdə “fil ili” ifadəsi işlədilir. Bunun mənası nədir?

Oxucu sual verir

Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatı barədə mənbələrdə onun “fil ili”ndə, yəni miladi təqvimlə 570-ci ildə doğulduğu qeyd edilir. İslamdan əvvəlki Ərəbistanda belə bir ənənə vardı ki, illəri müəyyən mühüm və qəribə hadisələrlə bağlı adlandırırdılar. Məsələn, təbii fəlakət və ya qiraqlıq baş verən ili həmin hadisələrin adı ilə adlandırırdılar. (Qeyd edək ki, bu ənənə təkcə İslamdan əvvəlki Ərəbistanda deyil, sair ölkələrdə və xalqlarda, o cümlədən, Azərbaycanda da mövcud olub). Miladi 570-ci ildə Məkkədəki Kəbə evinin ərəblər arasında böyük nüfuza malik olmasından narahatlıq keçirən xristian əqidəli Yəmən hakimi Əbrəhə Kəbəni dağıtmaq üçün Ərəbistan üzərinə hücuma keçdi. O, özü ilə birlikdə bir neçə döyüş fili də gətirmişdi, həmin fillərin köməyi ilə Kəbəni yerlə-yeksan etmək istəyirdi. Lakin onun bu planı həyata keçmədi. Belə ki, qəfil peyda olan “əbabil” adlı quşlar öz caynaqlarında və dimdiklərində tutduqları daşları qoşunun üztünə yağdırdılar. Əbrəhənin özü və qoşunu, o cümlədən, döyüş filləri məhv oldu. Kəbə evinə heç bir ziyan yetmədi. Ərəblər bu hadisənin baş verdiyi ili “fil ili” adlandırdılar. Həzrət Mühəmməd Peyğəmbər (s) də həmin il dünyaya gəlmişdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button