Klassik şairlərimizin əsərlərində insanları cəhənnəmlə qorxudan “zahid” obrazı niyə pislənir?
Oxucu sual verir
Şərq ədəbiyyatı, o cümlədən, Azərbaycan klassik ədəbiyyatı irfanla sıx bağlıdır. İrfanın əsasını təşkil edən eşq anlayışına görə, insan Allahdan yalnız qorxmaqla kifayətlənməməli, Onu sevməli, Ona çatmağa can atmalıdır. Bunun üçün vasitə olan şəriət hökmlərinin, dini göstərişlərin mahiyyətini, mənasını anlamalıdır. Arif kor-koranə Allaha ibadət etməz, etdiyi ibadətin mənasını anlayar. Şairlərimizin fikrincə, əsil din xadimi insanları cəhənnəm əzabı ilə qorxutmaq əvəzinə, onlara dinin gözəlliklərindən, ilahi mərhəmətdən danışmalıdır. İnsanlara ilahi hökmlərdəki hikməti öyrətməlidir, onlarda Allaha sevgi yaratmalıdır. Bunu edə bilməyən, yaxud etmək istəməyən din xadimləri klassik ədəbiyyatda tənqid atəşinə tutulur. Bu cür zahidlər mahiyyəti quru ibadətdə görür, ilahi eşqi anlamır, insanları yalnız qorxutmaqla və təhdid etməklə məşğul olurlar.