Niyə Quranda yol mənasında həm “sırat”, həm də “səbil” sözləri işlədilib?

Bunun səbəbi barədə mərhum Ayətullahül-üzma Seyid Əbülqasim Xoyi “əl-Bəyan fi ülumil-Quran” kitabında maraqlı izah verib. O yazır ki, “sırat” ərəb diilndə “təriq” sözü kimi ümumi anlamda yol mənasını bildirir. Yəni sırat – insanı öz məqsədinə doğru aparan yoldur. Bu yol həm maddi, həm də mənəvi ola bilər.
Səbil isə Allahın əmr etdiyi ayrı-ayrı yollardır ki, onların vasitəsilə insan dünya və axirət səadətinə çatır. Allaha iman, Peyğəmbərə itaət, namaz qılmaq, oruc tutmaq və s. – bunların hər biri ayrı-ayrı səbillərdir. Bunların vəhdəti olan “sübül” (səbillər) kəlməsi Allahın vahid yolunu (sırat) bildirir.
Qurani-Kərimdə “sırat” kəlməsi çox vaxt istiqamətlənmiş yol mənasını verən “sıratul-mustəqim” formasında işlədilir. Sıratul-mustəqimin bəzi xüsusiyyətləri vardır. Məsələn: sıratul-mustəqim sabitdir, dəyişməzdir, əbədi dəyərlərə bağlıdır, sonu mütləq mənada xeyirdir; bu yolu gedən adam rahatlıq və arxayınlıq hiss edir.






