Kimə “cahil” deyilir, bu sözün dini və dünyəvi anlamda fərqi varmı?
Oxucu sual verir
“Cahil” sözünün adi həyatda işlədilən mənası ilə dini mənası fərqlidir. Belə ki, çox zaman insanlar bu sözü savadsız, düşüncəsiz, hətta tərbiyəsiz mənalarında işlədirlər. Əslində isə cahil – xəbərsiz, məlumatsız insan deməkdir, alimin əks qarşılığıdır. Hər hansı dini hökmü bilməyən və ona əməl etməyən şəxs şəriət baxımından cahil sayılır. Şəriətdə cahil iki anlamda qəbul edilir: qasir cahil və müqəssir cahil. Hər iki söz “qüsur” kökündəndir. Qasir cahil o adamdır ki, hər hansı dini hökmü öyrənmək üçün çalışsa da, düzgün nəticə əldə etməyib və yanlış yola düşüb. Onun əməli səhv olsa da, Allahın qarşısında üzürlüdür. Həmçinin, hər hansı hökmün mövcudluğundan xəbəri olmadığı üçün bu barədə axtarış aparmayan şəxs də qasir cahildir. Alimlərin əksəriyyətinin fikrincə qasir cahil günahkar sayılmır. Amma müqəssir cahil o kəsdir ki, həqiqəti öyrənmək imkanı olduğu halda, araşdırma aparmayıb və yanlış əməl edib. Müqəssir cahil səhlənkarlığına görə məsuliyyət daşıyır və düzgün etmədiyi əməllərə görə cavabdehdir.