
Bəzən insan həqiqəti söyləmək istəmir, çünki həqiqəti söyləmək onun özünün və ya başqasının mənafeyinə zidd olur. Hər şeydən əvvəl qeyd edək ki, İslam dini yalan danışmağa icazə vermir. Yalnız son dərəcə zəruri hallarda, – özünün və ya başqasının həyatını qorumaq, iki küsülü şəxsi və ya küsülü ər-arvadı barışdırmaq məqsədilə (birinə o birinin ona müsbət yanaşdığını söyləyərək) – yalan danışmaq icazəlidir. Digər hallarda hər hansı bəhanə ilə yalan söyləmək yolverilməzdir.
Lakin müsəlman şəxs həqiqəti söyləmək istəmirsə susa bilər. Buna imkan yoxdursa, tovriyə adlı yoldan istifadə edə bilər. Tovriyə odur ki, niyyətdə bir şey tutaraq, suala həmin məqsədlə cavab verilsin. Məsələn, qapını döyən adam ev sahibini çağırırsa, ailə üzvlərindən biri ev sahibinin evdə olduğunu demək istəmirsə, “o burda yoxdur” söyləyə bilər. Bu halda “burda” sözü ilə niyyət edir ki, ev sahibi onun yanında deyil, amma o biri otaqdadır. Tovriyə də zəruri hallarda icazəlidir, ondan sui-istifadə etmək bəyənilmir.