Niyə bəzi imamzadələrin bir neçə ölkədə və ya şəhərdə fərqli məzarları zaiyarətgah kimi mövcuddur?
Oxucu sual verir
Həqiqətən, bəzi məşhur şəxsiyyətlərin müxtəlif ölkələrdə və şəhərlərdə məzarları insanlar tərəfindən ziyarət edilir. Hətta Həzrət Əlinin (ə) əsil qəbri Nəcəf şəhərində olsa da, Əfqanıstanda Məzari-şərif şəhərindəki ziyarətgah da bəziləri tərəfindən o həzrətin dəfn yeri sayılır. Bəzi imamzadələrin də bir neçə məzarı tanınır. Hətta bir ölkədə eyni imamzadənin bir neçə məzarı ziyarətgahdır.
Bunun əsas səbəbi tarixi mənbələrdəki dolaşıq nöqtələrdir. Belə ki, bəzi imamzadələrin məzarı barədə insanların bilikləri təhrif olmuş, onun adında yanlışlıqlar meydana gəlmişdir. Məsələn, bir imamın 3-cü və ya 5-ci nəsildən övladının məzar yerini təsvir edən mənbələrdə və şifahi yaddaşda həmin imamzadənin şəcərəsində onunla məsum imamın arasındakı şəxslər unudulur və ya ixtisar edilir, nəticədə məzar sahibi bilavasitə imamın oğlu və ya qızı kimi tanıdılır.
Bəzən dini mənbələri köçürən katiblərin səhvi üzündən bu cür yanlışlıq yaranır. Bəzən iki imamzadənin özünün və ya atasının adları arasındakı eynilik buna səbəb olur. Bəzən isə sadə xalqın Əhli-beytə ifrat sevgisi heç bir tarixi kökü olmayan ziyarətgahların yaranmasına gətirib-çıxarır.