İslam suallarda

Bütün insanların canını təkcə bir mələk alır, ya bu mələklərin sayı çoxdur?

Oxucu sual verir

Qurani-kərimdə buyurulur: “De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır” (Səcdə, 11). İudaizmdə ölüm mələyinin adı Əzraildir. Bu sözün ibrani dilində Aşriel (Allahın yardım etdiyi) adından götürüldüyü ehtimal edilir. Qurani-Kərimdə insanların canını alan mələyin adı çəkilmir, yalnız “ölüm mələyi” ifadəsi işlədilir. Səhih hədislərdə də Əzrail adına rast gəlinmir.

Bəzi ayələrdən məlum olur ki, insanların canını almaqda ölüm mələyinə kömək edən başqa mələklər də vardır: “Nəhayət, birinızin əcəli gəlib çatdıqda onun canını elçilərımiz alar” (Ənam, 61). “Nəhayət, elçilərimiz canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə, “Onlar bizi qoyub qaçdılar” – deyə, cavab verəcək və öz əleyhlərınə, kafir olduqlarına şahidlik edəcəklər” (Əraf, 37). Bu ayələrdə cəm halda “rüsülüna” (elçilərimiz) sözü işlədilib ki, bu da ölüm mələklərinin sayının çox olduğuna işarədir.

Quran ayələrindən və hədislərdən məlum olur ki, ölüm mələkləri mömin şəxslə kafirin canını fərqli şəkillərdə alırlar. Kafirlər ölüm mələyini dəhşətli qiyafədə görür və qorxu içində, əziyyətlə canlarını təslim edirlər: “Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabinı!” – deyib, canlarını alanda görəydin!” (Ənfal, 50). Möminlərin gözünə isə ölüm mələyi xoş və yaraşıqlı simada görünür və onların canını rahatlıqla alır: “O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə cənnətə daxil olun!” – deyərlər” (Nəhl, 32). Diqqət edin ki, bu ayələrdə cəm halda “mələklər” kəlməsi işlədilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button