Sutkanın lap az bir hissəsi gecədən ibarət olan, Günəş tam və ya uzun müddət batmayan bəzi ölkələrin əhalisi necə oruc tutmalıdırlar?

Ramazan ayı boyunca müsəlmanlar sübh azanından məğrib azanına kimi müddət ərzində oruc tutmalı və orucu pozan əməllərdən çəkinməlidirlər. Coğrafı şəraitdən, eləcə də fəsildən asılı olaraq müxtəlif ölkələrdə günün oruc müddəti fərqli olur. Qütblərə yaxınlaşdıqca bəzi şəhərlərdə qütb gündüzləri adlı vəziyyət yaranır. Qütb gündüzü o deməkdir ki, ilin bəzi aylarında və ya günlərində sutka ərzində Günəş qürub etmir və axşam düşmür, yaxud Günəş çox qısa müddətə batır. Bu zaman orucun tutulmasında problem yaranır. Müctəhidlərin fikrincə, qütb gündüzləri müşahidə edilən məntəqələrin müsəlman əhalisi namaz zamanı normal coğrafı şəraiti olan ən yaxın məntəqənin namaz cədvəlinə əsasən hərəkət etməlidirlər. Orucluq zamanı isə onlar imkan daxilində normal coğrafi şəraiti olan şəhərə köçməli və orada oruc tutmalıdırlar. Bunu edə bilməyənlər yaşadıqları məntəqədən səfər məfasəcində uzaqlaşıb orucu poza bilərlər, Ramazan ayı bitəndən sonra normal sutkalı günlərdə həmin orucların qəzasını tutarlar. Əgər buna da imkan yoxdursa, susuzluq və aclıq şiddətləndiyi zaman azacıq miqdarda yeyib-içə bilərlər, bu zaman da oruc pozulmuş olacaq və normal günlərdə qəza etməlidirlər.