Dəstəmazı pozan hallar şəriət kitablarında – risalə və elmihallarda ətraflı izah edilib. Bu mövzuda İslam məzhəbləri və alimləri arasında fikir fərqlilikləri mövcuddur. Şiə (cəfəri) məzhəbinə görə bədəndən yara qanı çıxması dəstəmazı pozmaz. İstər bədəndə – istərsə sifətdə, istər yaradan – istərsə sızanaqdan, istər qəsdən – istərsə bilməyərəkdən, istər az – istərsə çox miqdarda qan çıxması dəstəmaza təsir etməz. Lakin bədən və ya paltar qana bulaşarsa, namaz qılmaq üçün onu pak etmək lazım gələcək. (Qanın ləkəsi şəhadət barmağının sonuncu – üçüncü bükümünün sahəsindən az olarsa, pak etməyə ehtiyac yoxdur. Sızanaqdan çıxan qan adətən bu miqdardan az olur).
Lakin əhli-sünnə məzhəbinə görə, məsələ fərqlidir. Hənəfi məzhəbinə görə, sızanaqdan çıxan qan ətrafa yayılarsa dəstəmazı pozar, əgər sızanağın üstündə qalarsa pozmaz. Şafii və maliki məzhəblərinə görə sızanaqdan çıxan qan heç bir halda dəstəmazı pozmaz. Hənbəli məzhəbinə görə yaradan çıxan qanın miqdarı çox olarsa dəstəmaz pozular.