İnsan unutqanlıq üzündən sol əlinin barmağında üzük ola-ola qüsl alıbsa, bunu biləndən sonra nə etməlidir?
Şəriətə əsasən, qüsl 3 mərhələ əsasında alınır. Əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, axırda bədənin sol tərəfi yuyulur. Qüsl alan zaman suyun bədənə dəyməsinə mane olan bütün maneələr aradan qaldırılmalıdır. Əgər suyun bədəni islatmasına mane olan hər hansı maneə varsa və o aradan qaldırılmayıbsa, bu halda alınmış qüsl düzgün sayılmır və yenidən qüsl alınmalıdır. Barmaqdakı üzük də adətən barmağa sıx yapışdığı üçün üzüklə barmaq arasında məsafə qalmır və su üzüyün altındakı hissəni islatmır. Ona görə də üzüklə alınmış qüsl düzgün sayılmır. İnsan unutqanlıq üzündən barmağındakı üzüklə qüsl almışsa və bunu sonradan anlayıbsa, səhvini düzəltməlidir. Əgər üzük sağ əlin barmağında idisə, yenidən baş və boyunu, bədənin sağ tərəfini yumağa ehtiyac yoxdur. Üzüyü barmaqdan çıxarıb barmağı qüsl niyyətilə yumaq və sonra bədənin sol tərəfini tam yumaq lazımdır. Əgər üzük sol əlin barmağında idisə, sadəcə olaraq, üzüyü barmaqdan çıxarmaq və yalnız üzüyün altında qalan hissəni qüsl niyyətilə yumaq kifayətdir; əlavə heç nə etməyə ehtiyac yoxdur.