Bütün dünyada, o cümlədən, Şərq dünyasında bəzi elmlər fərqli istiqamətlərdə inkişaf etmişlər. Məsələn, nücum adı altında həm göy cisimlərinin hərəkəti (astronomiya), həm də onların guya yer üzündəki hadisələrə və insan taleyinə təsiri (astrologiya) öyrənilib. Kimiya deyərkən də, həm kimyəvi maddələrin xüsusiyyətləri, kimyəvi reaksiyalar kimi sırf elmi-təcrübi çalışmalar, həm də müxtəlif yollarla qızıl və ya sirli maddələr (həyat cövhəri) almaq cəhdləri nəzərdə tutulub. Böyük müsəlman alimlərinin əksəriyyəti fərqli maddələrdən qızıl almağın mümkünlüyünü qəbul etməmişlər və demişlər ki, hər maddənin xüsusiyyəti onun özünə məxsusdur və daxilində gizlənib, onu süni yolla dəyişmək qeyri-mümkündür. Bəzi alimlər həyatlarının müəyyən dönəmində əlkimiya ilə məşğul olub maddələri qızıla çevirməyə çalışmış, sonra bu işin əbəs olduğunu görərək əl çəkmişlər. Dini mətnlərdə bəzi müqəddəs şəxslərin daşı, torpağı qızıla çevirmələri barədə hədislər vardır. Lakin bu kimi hədislər doğru olduğu təqdirdə möcüzə qismindən sayılır və adi insanlarda bu bacarıq olmur. Tarix kitablarında guya bəzi şəxslərin süni yolla qızıl alması barədə xəbərlər olsa da, bunların əksəriyyətinin həqiqətdən uzaq və xurafat olması məlumdur.
Əlaqəli məqalələr
Şərhlər
Oxşar yazılar
Close