İnsan başqa dindən İslam dininə keçirsə və ya məzhəbini dəyişirsə, bunun üçün hər hansı ayin tələb edilirmi?
Oxucu sual verir
Bir dindən çıxıb başqa dinə daxil olmaq hər insanın şəxsi seçimidir, daxili araşdırmalarının nəticəsidir. İslam dininə keçmək üçün insanın qəti iradəsi və özünü müsəlman kimi görməsi kifayətdir. Bu andan etibarən İslam dininin qaydalarına riayət etməyə çalışmalı, əvvəlki dininə aid olan fərqli davranışlardan çəkinməlidir. Ənənəyə görə, İslama gəlişi ictimai formada elan edirlər, yəni şahidlərin iştırakı ilə insan müsəlman olduğunu elan edir və bunun sübutu kimi kəlmeyi-şəhadət cümlələrini söyləyir. Həmçinin, əgər İslam ibadətlərini yerinə yetirmək istəyirsə, o zamana kimi öhdəsində olan qüsllərin əvəzinə bir dəfə qüsl etməsi lazımdır. Kişilərin İslama gəlişdən sonra sünnət etdirməsi də adət halını alıb. Bundan əlavə hər hansı xüsusi ayinə ehtiyac yoxdur. Məzhəbi dəyişmək isə İslam dininin daxilində həyata keçirildiyi üçün heç bir ayin tələb edilmir. İnsan öz istəyi əsasında seçimini ictimailəşdirə və elan edə bilər.