Cənazə namazını qılmaq vacibdirmi? Cənazə namazını qılan şəxsin sözləri kağızdan oxuması icazəlidirmi?
Oxucu sual verir
Dünyasını dəyişmiş insan üçün dəfndən qabaq bəzi əməllərin yerinə yetirilməsi vacibdir, bunları etmədən ölünü dəfn etmək düzgün deyil. Bu əməllərdən biri də cənazə namazıdır. Cənazə namazını qüsl-kəfəndən sonra, dəfndən əvvəl qılmaq lazımdır. Bu namaz o qədər vacibdir ki, hətta əgər qılınması unudularsa, dəfndən sonra qəbrin qarşısında qılınmasına da icazə verilir. Cənazə namazını qılan şəxsin (həm imam-camaat, həm də iqtida edənlər) dəstəmazlı, qüsllü olması vacib deyil. Amma gündəlik namazlarda tələb edilən şərtlərə burda da riayət edilməsi müstəhəbdir. Cənazə namazının nə rükusu, nə səcdəsi, nə də təşəhhüdü və salamı var. Bu namaz 5 dəfə təkbir deməklə və onların arasında 4 dəfə bəzi cümlələri söyləməklə qılınır. Cənazə namazında deyilən sözlərin vacib olan qısa variantı cəmi 4 cümlədən ibarətdir, onları əzbərləmək çox asandır. Amma cənazə namazının ətraflı qılınma formasında bu cümlələr əlavələrlə daha geniş formada oxunur. Kim namazı bu şəkildə qılmaq istəsə, sözləri yadda saxlaya bilmirsə, kağızın (çərəkənin) üzündən oxuya bilər, bunun qadağası yoxdur.