Bəzi imamların tərəfdarları arasında Müaviyə, Yezid kimi adların sahiblərinin olması qəribə deyilmi?
Oxucu sual verir
Bu kimi hadisələrə tarixi kontekstdə, yerli adət-ənənələri və həyat tərzini nəzərə alaraq qiymət vermək lazımdır. Həqiqətən, Əhli-beyt imamlarının bir çoxunun yaxın səhabələri arasında elə şəxslər olub ki, özünün və ya valideyninin adı Müaviyə, Yezid idi. Lakin əvvəla, bu adların mütləq mənada Əhli-beyt düşməni olan məlum şəxslərin şərəfinə qoyulduğunu iddia etmək düzgün deyil. İmam Hüseynin (ə) zamanında həm o həzrəti qətl etdirmiş xəlifənin, həm Kərbəla şəhidlərindən bir neçəsinin özünün və ya atasının, həm də qarşı tərəfdə döyüşən əsgərlərin bir çoxunun adı Yezid idi. Çünki ərəb milləti üçün Yezid adı geniş yayılmış bir ad idi. İkincisi amil bundan ibarətdir ki, Əhli-beyt tərəfdarlarının bir hissəsi heç də bu ruhda tərbiyə almamış, Əhli-beytə dost olan ailələrdən çıxmamışdılar. Onlar sonradan hidayət olmuş və haqqın tərəfinə keçmişdilər. Ona görə də mümkündür ki, onların ataları və hətta özləri də bu cür adlara sahib idilər. Hər bir halda, müəyyən tarixi şəxsiyyətin Müaviyə və ya Yezid adına sahib olması onun haqqında mənfi fikir yürütməyə tam əsas vermir.