Deyirlər Quranda yazılıb ki, bütün insanlar öləndən sonra cəhənnəmə düşəcək. Bu doğrudurmu?
Oxucu sual verir
Həqiqətən, Qurani-Kərimin “Məryəm” surəsinin 71-ci ayəsində buyurulur: “Sizdən elə bir kəs olmaz ki, oraya (yəni cəhənnəmə) varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür”.
Ayədəki “varid olmaq” ifadəsi bəzən insanlar tərəfindən düzgün anlaşılmır, elə bilirlər ki, burada cəhənnəmə düşməkdən danışılır. Halbuki, “varid olmaq” – keçmək, ötüb-keçmək mənasını verir. Məsumların hədislərinə əsaslanan təfsirlərdən məlum olur ki, bütün insanlar qiyamətdə cəhənnəmin üzərindən ötüb-keçəcəklər. Belə ki, cənnətə aparan körpü (sırat) cəhənnəm alovunun üzərindən keçir. Bütün insanlar – istər cənnətə, istərsə də cəhənnəmə layiq olanlar – sıratın üstünə yönələcəklər. Sırat körpüsündən keçid hər kəs üçün fərqli olacaq. Günahı az olanlar bu körpünü sürətlə və alovun təsirini hiss etmədən keçəcəklər. Günahı nisbətən çox olanlar sırat yolunu başa vurana kimi cəhənnəm alovunun dəhşətini yetərincə hiss edəcəklər. Cəhənnəmə layiq olanlar isə yolun yarısından büdrəyib alovun içinə yıxılacaqlar. Hətta möminlərin sırat üzərindən keçidi işıq sürətinə bənzədilib, günahkarlar isə bu yolu sürünərək, asta-asta qət edəcəklər. Məhz bu baxımdan Quranda hər kəsin cəhənnəmdən keçəcəyi buyurulur (cəhənnəmə düşəcəyi yox).