Namazın düzgün olma şərtlərindən biri də üzü qibləyə sarı durmaq və namaz bitənə kimi bu istiqamətdən dönməməkdir. Üzürsüz yerə qəsdən qiblədən dönmək namazı batil edər. Bunun həddi barədə dəqiq konkret ölçü yoxdur. İnsanların gözündə “qiblədən döndü” deyiləcək həddə qiblədən yayınmaq (üzürsüz yerə) namazın batil olması üçün kifayətdir. Amma bəzi üzürlü hallarda qiblə istiqamətindən dönməyə icazə verilir ki, bunlar da əsasən aşağıdakılardan ibarətdir. Əgər namaz qılan şəxs üzürlü səbəbdən qiblədən 90 dərəcədən az dönsə (yəni tamamilə sağa ya sola dönmədən), namazı pozulmaz. Üzürlü səbəb deyərkən məsələn, küləyin insanı yerindən tərpətməsi, insanın ağrı üzündən məcburən qiblədən dönməsi, namazda olduğunu unudaraq ətrafdakı şəxsə baxmaq üçün çevrilməsi, qiblənin istiqamətini düzgün bilməməsi kimi hallar nəzərdə tutulur. Belə hal baş versə, üzür aradan qalxan kimi insan dərhal yenə qibləyə sarı dönməli və namazını davam etdirməlidir. Əgər qiblədən dönmək hər hansı səbəb üzündən 90 dərəcə və daha artıq olsa, bu halda namazı kəsib yenidən qılması lazımdır. Əgər bədəni qibləyə sarı qalmaqla yalnız başını çevirsə, hökm eynidir.
Əlaqəli məqalələr
Şərhlər
Oxşar yazılar
Close