Qıçı sınmış, gözü kor olmuş yaxud hər hansı başqa nöqsana malik olan qoyunu, inəyi, toyuğu kəsib ətini yemək olarmı?
Oxucu sual verir
Şəriətimizə görə, yemək üçün kəsilən heyvanın ya quşun bədənində hər hansı nöqsanın olub-olmaması fərq etməz. Yetər ki, ətini yeyən insanın sağlamlığına zərər gətirəcək bir nöqsana sahib olmasın. Bu, adi vaxtlarda kəsilən heyvanlara və quşlara aiddir. Qurban bayramı günü vətəndə kəsilən, yaxud ilin hər hansı başqa vaxtında nəzir deməklə və ya nəzirsiz qurban kəsilən heyvanlar müstəhəb qurban sayılır. Bunlar da yuxarıdakı şərtə tabedir.
Amma həcc ziyarəti zamanı Minada kəsilən heyvanların şərti fərqlidir. Həccdə kəsilən qurbanlıq heyvan nöqsansız və eyibsiz olmalıdır, onun bədənində görülə bilən hər hansı əskiklik olmamalıdır. Əks halda, kəsilən qurban qəbul olmaz. Kor, çolaq, buynuzu sınmış, qulağı kəsik, həddən artıq arıq heyvanı qurban kəsmək olmaz. Qurban bayramı günü vətəndə kəsilən heyvan, həmçinin, nəzir niyyətilə qurban kəsilən heyvan üçün nöqsansız olması vacib şərt deyil, amma buna riayət etmək müstəhəbdir (yəni savabı böyükdür).