Hikmətli kəlamı məsum şəxsə aid edib onun kəlamı kimi yaymaq olarmı?
Oxucu sual verir
Hikmətli kəlamları, insanların mənəvi təkamülünə, əxlaqi inkişafına yardım edən fikirləri təbliğ etmək gözəl əməldir. Bu da dinimizdə çox bəyənilən nəsihət və moizənin, əmr bil-məruf və nəhy ənil-münkərin (insanları yaxşı işlərə çağırıb, pis işlərdən çəkindirməyin) bir yoludur. Amma bu zaman bəzi qaydalara riayət olunmalıdır. Əgər bir kəlam məsum şəxs tərəfindən buyurulmayıbsa, hər nə qədər faydalı və gözəl söz olsa belə, onun adından paylaşmaq olmaz. Bu əməli qəsdən edən adamın hətta orucu da pozula bilər. Nəinki məsum şəxslərə, sıravi insanlara qarşı də bu hərəkəti etmək yolverilməzdir. Əgər bir kəlamın məsuma aid olub-olmaması şübhəlidirsə, onu məsumun adından paylaşarkən şübhənin mövcudluğunu müəyyən əlamətlərlə bildirmək məsləhətdir. Məsələn, kəlamı qeyd edərkən “deyirlər ki”, “tam sübuta yetməmiş məlumata görə”, “zənnim məni aldatmırsa, İmam buyurub” kimi ifadələrdən istifadə etmək yaxşı olar.