Qadın kəbin zamanı gələcək ərinin qarşısında hansısa şərtlər qoya bilərmi?
Oxucu sual verir
Kəbin qarşılıqlı razılıq əsasında baş tutduğu üçün tərəflər bir-birinin qarşısında müəyyən şərtlər qoya bilərlər. Qadının kişi qarşısında şərt qoymaq hüququ vardır, kişinin də bu şərtləri qəbul ya rədd etmək ixtiyarı vardır. Əlbəttə, qadın hər növ şərt qoya bilməz, bunun da müəyyən hədləri mövcudur. İcazəli şərtlərə misal: Əgər qadın kəbin zamanı şərt qoysa ki, evlilik müddəti boyunca kişi onu yaşadıqları şəhərdən kənara aparmasın (yəni qadının valideynləri yaşayan şəhərdən kənara çıxmasın), əgər kişi kəbin zamanı bu şərti qəbul etsə, evlilik müddəti boyunca ona əməl etməlidir. Qadın öz mehriyyəsini, başqa arvad almamaq şərti ilə kişiyə bağışlasa və kişi şərti qəbul edib mehriyyəni özündə saxlasa, başqa arvad ala bilməz. Əgər qadın kəbin zamanı şərt qoysa ki, gələcəkdə istədiyi zaman talaq vermək üçün kişi onu öz tərəfindən vəkil təyin etsin – bu halda kişi şərtlə razılaşarsa, qadın istədiyi zaman öz vəkillik hüququndan istifadə edib kişinin adından özünə talaq verə bilər. Lakin əgər qadın vəkillik olmadan sadəcə talaq haqqını özündə saxlamağı tələb etsə, bu cür şərt batildir və qüvvəsi yoxdur.