Həzrət Mühəmməd (s) peyğəmbərlikdən əvvəl nəyə inanırdı və hansı qaydada ibadət edirdi?
Oxucu sual verir

Dini mənbələrdən məlum olur ki, Həzrət Mühəmməd (s) doğulduğu gündən heç zaman bütlərə inanmamış, bütlərin adına kəsilən heyvanların ətini yeməmişdir. O həzrət həmişə tək olan Allaha inanmış, vacib olan ibadətləri yerinə yetirmişdir. Peyğəmbərliyindən əvvəl də bir an müşrik əqidəsində olmamışdır. Bəzi hədislərdə Peyğəmbər özünü “milləti-İbrahim”dən adlandırmışdır. Həzrət İbrahim (ə) tovhid əqidəsinin bayraqdarı, üç dinin banisi olan peyğəmbərlərin (Həzrət Musa, İsa və Mühəmməd) müştərək əcdadıdır.
Həzrətin peyğəmbərlik verilməzdən əvvəl hansı şəriətə tabe olduğu barədə alimlər arasında fikir ayrılığı vardır. Bəzi alimlər onun Həzrət İbrahimin (ə) şəriətinə tabe olduğunu, bəzi alimlər isə özündən əvvəlki ülul-əzm peyğəmbər olan Həzrət İsanın (ə) şəriətinə əməl etdiyini yazmışlar. Amma daha geniş yayılmış fikrə əsasən, Həzrət Mühəmməd (s) peyğəmbərlikdən əvvəl heç bir peyğəmbərin şəriətinə uymamışdır. O, Allah tərəfindən vəhy olunmuş bəzi qayda və qanunlara əməl edirdi. Yəni həzrət özünəməxsus şəriət hökmləri əsasında ibadətlərini yerinə yetirirdi. Bu fikri belə əsaslandırırlar ki, Həzrət Mühəmməd (s) bütün məxluqatın ən şərəflisi və bütün peyğəmbərlərin ən üstünü idi, ona görə də heç bir peyğəmbərin şəriətinə tabe ola bilməzdi.