Məcusilər (atəşpərəstlər) də əhli-kitab kateqoriyasına daxildirlərmi?
Oxucu sual verir
Qeyri-müsəlmanlardan yəhudilər və xristianlar İslam şəriətində “əhli-kitab” adlandırılır. Yəni onların Allah tərəfindən endirilmiş səmavi kitabı olmuş, amma onlar sonradan səmavi kitabı təhrif etmiş, öz peyğəmbərlərinin gətiriyi dini dəyişdirmişlər. Qurani-Kərimin “Həcc” surəsinin 17-ci ayəsində yəhudilər, xristianlar və sabiilərlə (ulduzpərəstlər) yanaşı məcusilərin də adı çəkilir, amma onların barəsində heç bir əlavə məlumat verilmir. Buna görə də, məcusilərin əhli-kitabdan sayılıb-sayılmaması mövzusunda alimlər arasında fikir ayrılığı vardır. Keçmiş din alimlərinin bir çoxu məcusiləri əhli-kitabdan saymırdılar. Amma həm sünni, həm də şiə mənbələrində məsumların məcusilərlə əhli-kitab kimi rəftar etmək barədə göstərişləri vardır. Müasir dövrdə İslam alimlərinin çoxusu məcusiləri də yəhudi, xristian və sabiilərlə yanaşı əhli-kitabdan sayır və pak hesab edirlər. Bu hökmə görə, məcusilərin də Zərdüşt adlı peyğəmbəri və müqəddəs kitabı olmuş, amma sonra onlar dini təhrif etmişlər. Məcusiləri əhli-kitabdan sayan müctəhidlərin fətvasına görə, onların da bədəni yəhudi və xristianlar kimi pakdır, amma kəsdikləri ət yeyilməz və onlarla ailə qurulmaz.