İslam suallarda

On ikinci İmamla görüşdüyünü iddia edən şəxsin başqalarından hər hansı üstünlüyü varmı?

Oxucu sual verir

Şiə (cəfəri) inancına görə, 12-ci imam Həzrət Mehdi (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslindən və 11-ci İmam Həsən Əskərinin (ə) oğludur. O, atasının şəhadətindən dərhal sonra, 5 yaşında ikən gözlərdən itərək qeyb olmuş (miladi 874-cü il), təqribən 70 il ərzində 4 nəfər naib (nümayəndə) vasitəsilə insanlarla əlaqə saxlamışdır. Bundan sonra kiçik qeyb dövrü bitmiş və böyük qeyb mərhələsi başlamışdır. Hazırda böyük qeyb dövrü davam edir və dünyanın sonuna yaxın İmamın zühur etməsi ilə bu mərhələ də bitəcək. İmam Mehdinin (ə) böyük qeyb dövründə xüsusi naibləri yoxdur. Müxtəlif insanlar o həzrətlə görüşə bilərlər. Ayrı-ayrı şəxslərin Həzrət Mehdi (ə) ilə görüşmələri barədə kitablarda məlumatlar vardır. Lakin bir qayda olaraq, bu şərəfə nail olanlar hadisəni gizli saxlayırlar və yalnız onlar vəfat etdikdən sonra İmamla görüşmüş olmaları cəmiyyət içində yayılır. Hətta bəzi hədislərdə buyurulur ki, İmam Mehdi (ə) ilə görüşdüyünü iddia edən şəxslərə inanmamaq və onların dediyini təkzib (inkar) etmək lazımdır. Görünür, bunun səbəbi həmin şəxslərin öz sağlığında təhlükəsizliyini təmin etmək və mümkün sui-istifadə hallarının qarşısını almaqdır. İmam Mehdi (ə) ilə görüşdüyünü iddia edərək bunu özünə üstünlük kimi qələmə verənlər, bununla cəmiyyət içində hər hansı imtiyaz qazanmaq istəyənlər yanlış yoldadırlar. Onların bu hərəkəti insanların dini hissləri ilə oynamaq və dindarların etibarından sui-istifadə etmək cəhdi kimi dəyərləndirilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button