Üzüm mürəbbəsi yemək haramdırmı?
Şəriətimizdə pakolma qaydalarına görə, üzüm əgər öz-özünə qalmaqla və ya od vasitəsilə qaynasa, yeyilməsi və suyunun içilməsi haramdır. Amma od üstündə o qədər qaynadılsa ki, üzüm suyunun üçdən-iki hissəsi buxarlansın və üçdən-bir hissəsi qalsın, – bu halda yeyilməsi halaldır. Diqqət yetirin ki, burada odun üzərində qaynadılmaq nəzərdə tutulur. Üçdən-biri qalana kimi qaynadılmış üzüm şirəsi artıq bəhməz (doşab) sayılır. Üzümün öz-özünə (gün altında qalmaqla) qaynaması zamanı isə yalnız sirkəyə dönməsi onu halal edər (bir çox alimlərin fikrincə). Üzüm mürəbbəsi pak və yeyilməsi halaldır, əlbəttə, deyilmiş qaydada, yəni üçdən-biri qalana kimi bişirilmək şərti ilə. Üzüm suyuna aid olan hökmlər abqoraya aid deyil. Abqora, yəni yetişməmiş kal üzüm dənələrinin suyu hətta hər hansı yolla qaynasa da, pak sayılır və içilməsi icazəlidir.