Amerika qitəsinə və digər məntəqələrə də peyğəmbərlər göndərilibmi? Əgər göndərilibsə, niyə Quranda onların barəsində məlumat verilmir?
Oxucu sual verir
Qurani-Kərimdə Allah-Taala buyurur: “Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər gəlib-getməsin!” (Fatir, 24). “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik” (Nəhl, 36). Bu ayələrdən məlum olur ki, Allah-Taala bütün qövmlərə peyğəmbər göndərmiş və onlara öz hüccətini tamam etmişdir. Əgər hər hansı qövmə peyğəmbər göndərilməsəydi, onların haqq yola gəlməməkdə bəhanəsi olardı: “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (İsra, 15). Lakin əksər xalqlar və qövmlər öz peyğəmbərlərinin təlimini ya unutmuş, ya da təhrif etmişlər. Quranda əsasən Şərqə mənsub peyğəmbərlərin xatırlanmasının səbəbi ola bilər ki budur: Qədim mədəniyyətlərin əksəriyyəti Şərqdə yaranmış, dünyanın ən qədim dövlətləri burda mövcud olmuşdur. İkinci səbəb mümkündür ki budur: Müsəlmanlar əsasən Şərqdə yayılmışlar və dünya müsəlmanlarının böyük hissəsi Asiyada və şimali Afrikada yaşayır. Mümkündür ki ona görə Quranda bu ərazilərlə bağlı olan peyğəmbərlər geniş şəkildə xatırlanır. Qurani-Kərimin özündə də peyğəmbərlərin yalnız bir qisminin tanıtdırılması barədə xəbər verilir: “Onların (peyğəmbərlərin) bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik” (Nisa, 164). Əlbəttə, bunun ən düzgün səbəbini Allah bilir.