Böyük əhli-sünnə alimləri Əbu Hənifə və Malik ibn Ənəsin İmam Cəfər Sadiqdən (ə) dərs almaları hansı mənbələrdə qeyd edilib?
Əhli-sünnənin hənəfi və maliki məzhəblərinin baniləri İmam Əbu Hənifə Nöman ibn Sabit və İmam Malik ibn Ənəs altıncı şiə imamı Həzrət Cəfər Sadiqdən (ə) dərs almışlar. Hətta Əbu Hənifə sonralar bunu xatırlayaraq deyirmiş: “Əgər həmin iki il olmasaydı, Nöman həlak olardı”. Əbu Hənifə və Malik ibn Ənəsin İmam Sadiqdən (ə) dərs almalarını aşağıdakı əhli-sünnə alimləri öz kitablarında qeyd etmişlər:
Şah Əbdüləziz Ğulamhəkim Dehləvi – “Əl-Töhfət əl-isna əşəriyyə”
Xeyrəddin Zirikli – “əl-Əəlam” (2-ci cild, səh. 126),
Əbdürrəhman Şərqavi – “Əimmət əl-fiqh əl-tisə” və s.
Sələfiliyin banisi İbn Teymiyyə də “Minhac əl-sünnətə əl-nəbəviyyə” kitabında (4-cü cild, səh. 126) Malik ibn Ənəslə digər bir neçə böyük alimin İmam Sadiqdən (ə) elm öyrəndiklərini yazımışdır.
Keçmişdə elm deyərkən adətən hədis elmi və hədis rəvayəti nəzərdə tutulurdu. İmam Nəvəvi, Xətib Təbrizi, Heysəmi, İbn Səbbağ Maliki, Şəblənci və başqa müəlliflər İmam Malik və Əbu Hənifənin İmam Cəfər Sadiqdən (ə) hədis rəvayət etdiklərini yazmışlar.