Dördüncü imam Zeynülabidinin (a) anası Sasani şahzadəsi olubmu?

Şiə məzhəbində heniş yayılmış fikrə görə, həqiqətən, dördüncü imam Zeynülabidinin (ə) anası sonuncu Sasani hökmdarı Yesdcürdün qızı olmuşdur. Onun adı Şahzənan, Şəhrbanu və digər formalarda qeyd edilir. Bu qadının müsəlman fəthləri zamanı əsir düşərək Mədinəyə gətirilməsi və orada öz istəyi ilə İmam Hüseynlə (a) ailə qurması yazılır. Şahzənan xanımın nə zaman Mədinəyə gətirilməsi, nə zaman, harada və hansı şəraitdə dünyasını dəyişməsi barədə fərqli məlumatlar vardır. Onunla bağlı bəzi xurafatlar da mövcuddur. Əhli-sünnə mənbələrində İmam Zeynülabidinin (ə) anasının Sasani şahzadəsi olduğu barədə məlumatlar azdır, bunlar daha çox şiə mənbələrində yayılıb. Müasir alimlərin bir qismi Şahzənan xanımla bağlı rəvayətləri şübhə altına alır və onun dördüncü imamın anası olmasını inkar edir. Lakin “Üsuli-Kafi”, “Tarixi-Yəqubi”, “İrşadi-Müfid”, “Üyun əxbar əl-Riza” kimi qədim mənbələrdə, eləcə də, “İlam əl-vəra”, “Kəşf əl-ğümmə”, “Dəlail əl-imamə”, “Rəbi əl-əbrar”, “Rovzət əl-vaizin”, “Mənaqibi-İbn Şəhraşub”, “Tarixi-Qum”, “Bihar əl-ənvar” kimi kitablarda Şahzənan xanım haqqında məlumat verilir və onun İmam Zeynülabidinin (ə) anası olduğu təsdiq edilir.