Dini qanuna görə boşanmış ailələrdə uşaq kimin yanında qalmalıdır?
Dini hökmlərə görə, uşaq iki yaşına çatana kimi ata onu anasından ayıra bilməz, yəni uşağı anasından ayrı yerdə saxlamaq, ananın uşaqla görüşməsinə mane olmaq icazəli deyil. Hətta din alimləri nəinki iki, yeddi yaşına kimi uşağı anasından ayırmağı məsləhət görmürlər. (Əlbəttə, bəzi istisna hallar da mövcuddur, yəni ananın yanında qalmaq uşağın gələcək tərbiyəsi və təhlükəsizliyi baxımından məsləhət deyilsə, uşağı anadan ayırmaq olar). Boşanma zamanı bu qaydaya riayət olunmalıdır. Bu müddət keçdikdən sonra ata ilə ananın hansı birinin uşağı saxlamaq üçün şəraitə sahib olması, o cümlədən, uşağın öz istəyi nəzərə alınır. Əgər uşaq ana ilə birlikdə qalırsa, atası onun yaşayış xərclərini verməli, onun problemləri ilə yaxından maraqlanmalıdır. Ata vəfat etdikdə uşaq onun tamhüquqlu varisi sayılır və atanın ikinci evlilikdən övladları ilə birlikdə ondan irs aparır. Qeyd edək ki, hazırda boşanma zamanı bu kimi hallar qanunla tənzimlənir və bu hallar zamanı ölkə qanunları ilə hesablaşmaq da lazımdır.