Bir şəxs imkanı olduğu halda həccə getmirsə, günahı varmı?
Həcc dinimizin vacib göstərişlərindən biridir. Dini mənbələrdə həcc füruiddinin, yəni vacib olan əməli prinsiplərin 10 maddəsindən biri kimi təqdim edilir. Qurani-Kərimdə buyurulur: “Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur” (Ali-İmran, 97). Boynuna həcc gələn, yəni maddi və fiziki baxımdan həccə qadir olan şəxs həyatı boyunca heç olmazsa bircə dəfə bu ibadəti yerinə yetirməlidir. Əgər imkanı olduğu halda qəsdən həccə getməsə, günah etmişdr və qiyamətdə buna görə Allah qarşısında cavab verəcəkdir. Təəssüf ki, dini dərindən anlamayan bəzi şəxslər həcc ziyarətinin əhəmiyyətini azaltmağa çalışır və bu fikri təbliğ edirlər ki, həccə getmək vacib deyil, ondansa insan öz ətrafındakı ehtiyaclı adamlara yardım göstərməlidir. Ehtiyaclılara əl tutmaq müsəlmanın vacib vəzifələrindən biridir. Amma bununla insanın boynundan həcc məsuliyyəti götürülməz. Fəqir insanlara maddi yardım göstərmək heç kimi həcc vacibatından azad etmir. Yaxşı olar ki, insan bu iki vacib əməli müvazinətli şəkildə yerinə yetirməyə çalışsın. Bir daha qeyd edirik ki, bu deyilənlər ömür boyunca vacib olan bir həcc ziyarətinə aiddir.