Üzürlü səbəb üzündən oturaq vəziyyətdə namaz qılan şəxs normal vəziyyətdə (ayaq üstə) namaz qılan imama iqtida edə bilərmi?

İnsan fiziki vəziyyətindən asılı olaraq üzrlü səbəb üzündən namazı oturaq və ya uzanmış vəziyyətdə qıla bilər. Namazı normal şəkildə qıla bilməyən şəxs oturaq vəziyyətdə, bunu da etməyə qadir olmayan şəxs uzanmış vəziyyətdə qılmalıdır. Bundan asılı olaraq, camaat namazında imamla iqtida edənin hökmü fərqlənir. Belə ki, əgər imam namazı oturmuş vəziyyətdə qılırsa, normal namaz qılan adam ona iqtida edə bilməz. Əksi isə mümkündür, yəni imam namazı normal şəkildə qılırsa, arxasında duranın oturmuş halda qılması da mümkündür. Uzanmış vəziyyətdə namaz qılan şəxsin isə heç kimə iqtida etməsi məsləhət deyil (yəni yaxşı olar ki, o, nə ayaq üstə, nə oturaq, nə də uzanmış vəziyyətdə namaz qılan imama iqtida etməsin). Uzanmış vəziyyətdə namaz qılan şəxs ibadətini fərdi şəkildə icra etməlidir.