Evlilik ərəfəsində gəlinə hədiyyə edilən zinət əşyaları boşanma vaxtı kimdə qalmalıdır?
Bu məsələnin həm əxlaqi-mənəvi, həm də dini tərəfi vardır. Dini kitablarda və müctəhidlərin fətvalarında bunun şəriət baxımından hökmü izah edilir. Evlilik ərəfəsində (toydan əvvəl və toy günü) bəy və onun ailə üzvləri tərəfindən qadına hədiyyə verilən zinət əşyaları qadının mülkiyyəti sayılır. Boşanma vaxtı qadının həmin zinət əşyalarını özündə saxlamaq və qaytarmamaq haqqı vardır. (Əgər zinət əşyası olmayan qızıl əşya hədiyyə edilibsə (məsələn, qızıl pul, suvenir və s.), bu halda boşanma zamanı bu əşyaların kişiyə qaytarılması məsələsi də qaldırıla bilər).
Qeyd edirik ki, burada məsələnin şəriət baxımından hökmü verilir. Məsələnin mənəvi-əxlaqi tərəfinə gəlincə, boşanma zamanı tərəflərin anlaşma ilə ayrılması və bir-birinə verdikləri hədiyyələr barədə iddia irəli sürməmələri daha məsləhətdir.