İslam suallarda
İlk insan və peyğəmbər olan Həzrət Adəmin (ə) canişini kim olmuşdur?
Dini rəvayətlərə görə, Həzrət Adəm (ə) ilə Həvvanın biri oğlan, o biri qız olmaqla əkiz övladları doğulurdu. Yalnız Şeys adlı oğul tək dünyaya gəlmişdi. Həzrət Adəmin (ə) canişini də Həzrət Şeys (ə) oldu. Onun adı Bibliyada “Sif” kimi qeyd edilib. Həzrət Şeysin (ə) ləqəbi “Hibətullah”, yəni “Allahın hədiyyəsi” idi, Habilin qətlindən sonra doğulduğu üçün atası onu Allah tərəfindən verilmiş hədiyyə kimi qəbul etmişdi. Onun həyatı barədə məlumatlar azdır.
Şeys (ə) Həzrət Adəmdən (ə) sonra peyğəmbərlik vəzifəsini öhdəyə aldı, Allah-Taala ona 50 səhifə həcmində vəhy göndərdi. Bütün peyğəmbərlərin nəsil şəcərəsi Həzrət Şeysə (ə) gedib-çıxır. Şeysdən (ə) sonra oğlu Ənuş onun canişini oldu. İdris Peyğəmbər (ə) Ənuşun nəvəsinin nəvəsi idi.