İki seyyidə qadınla eyni zamanda evli olmaq icazəli deyilmi?
Bəzi dövlətlərin (o cümlədən Azərbaycanın) qanunlarına görə, kişinin iki qadınla eyni zamanda rəsmi nikahda olması qanuna ziddir. Lakin nəzəri olaraq, eləcə də, kəbin və müvəqqəti nikah şərtlərini nəzərə alaraq, bu suala cavab veririk. Keçmiş alimlərin bir qisminin rəyinə görə, Həzrət Fatimənin (ə) nəslindən iki seyyidə qadınla eyni zamanda evli olmaq günahdır. Əsasən, orta əsrlərdə yaşamış əxbari yönlü alimlər bu fikirdə olmuşlar. Onlar bu mövzuda Şeyx Səduqun “İləl əl-şərai” kitabındakı bir hədisə əsaslanırdılar. Həmin hədisə görə, Həzrət Fatimənin (ə) nəslindən olan iki qadınla izdivac edən şəxs o həzrəti incitmiş olur. Bəzi keçmiş alimlər bu əməli məkruh sayırdılar. Lakin müasir alimlərin əksəriyyəti bu cür izdivaca icazə verir, iki seyyidə xanımla eyni zamanda evli olmağı nə haram, nə də məkruh bilmirlər.