İslam suallarda

Peyğəmbərin zamanındakı Süffə əhli kimlərdən ibarət idi?

Ərəb dilində “süffə” üstü bağlı yer, talvar mənasını verir. Dini mənbələrdə bu ad Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında Yəsrib (Mədinə) məscidinə bitişik olan məkana verilir. Süffə müsəlmanların ilk mədrəsəsi idi. Burada müsəlmanlara Qurani-Kərim, şəriət öyrədilirdi. Kənar məntəqələrdən Mədinəyə gələnlər də burada qalırdılar. Evi olmayan, ailəsini itirmiş, yaxud özünü elmə və ibadətə həsr etmiş mədinəlilər də süffədə məskunlaşmışdılar. Süffə əhlinin sayı 400 nəfərə çatırdı. Onlardan təxminən 100 nəfərə yaxın səhabənin adı məlumdur. Əbu Hüreyrə, Əbu Səid Xudri, Bilal, Əbuzər, Salman, Süheyb Rumi, Hüzeyfə, Ümmi-Məktum kimi görkəmli səhabələr onların sırasında idi. Süffə əhlinə Abdullah ibn Məsud, Əbu Dərda, Übeyy ibn Kəb və başqa elmli səhabələr dərs deyirdilər. Siffə əhli özünü dua və ibadətə həsr etmişdi. Bunların yaşayış xərcini imkanlı müsəlmanlar ödəyirdilər. Peyğəmbər özü süffə əhli ilə tez-tez təmasda olur, onlarla söhbətləşir, onları yeməyə dəvət edirdi. Süffə məkanı Peyğəmbərdən sonra da uzun müddət mövcud olmuş, Əməvilərin zamanında məscidin genişləndirmə layihəsi zamanı ləğv edilmişdi. Belə bir fikir vardır ki, süffədə qalanlar sufilərin ilk prototipləri olmuşlar və “sufi” sözü də “süffə” kəlməsindən götürülüb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button