İmam Əli (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) bütün hərbi yürüşlərində iştirak etmişdimi?

Həzrət Əli ibn Əbutalib (ə) Peyğəmbərin (s) bütün yürüşlərində onu müşayiət etmiş, döyüşlərdə misilsiz şücaət göstərmişdir. O həzrətin iştirak etmədiyi yeganə qəzvə (hərbi yürüş) Təbuk səfəri idi. Hicrətin 9-cu ilində (miladi 630-cu il) müsəlmanlar Mədinədən təqribən 700 km. şimalda yerləşən Təbuk məntəqəsində toplaşmış ordunun üzərinə yürüşə çıxdılar. Peyğəmbər bu səfərdə İmam Əlini (ə) özü ilə aparmadı və öz yerinə Mədinədə canişin təyin etdi. Bəziləri bunu İmam Əlinin (ə) cihad savabından məhrumluğu kimi qələmə versələr də, əslində bu zaman o həzrətin üstünlüyünü təsdiq edən hadisə baş vermişdir. Belə ki, müsəlmanlar Mədinəni yenicə tərk etmişdilər ki, şəhərdə qalan münafiqlər şayiə yaymağa başladılar: guya Əli (ə) yolun uzaqlığından qorxuya düşüb müharibəyə getməyib, ya da Peyğəmbər onu özü ilə cihada aprmağa layiq görməyib. Həzrət Əli (ə) bu şayiələrə son qoymaq üçün təcili Mədinədən çıxıb Peyğəmbərin hüzuruna getdi və əhvalatı ona söylədi. Peyğəmbər deyilən sözlərin böhtan olduğunu söyləyərək buyurdu: “Ey Əli! Mənim üçün sən, Musa üçün Harun kimisən. Bircə fərq var ki, məndən sonra peyğəmbər gəlməyəcək!” Bu sözlər dini mənbələrdə “mənzilət hədisi” kimi xatırlanır və İmam Əlinin (ə) fəzilətlərindən biri sayılır.