Rəğaib gecəsi nədir?
Rəğaib gecəsi rəcəb ayının ilk cümə gecəsinə deyilir. Ənənəyə görə bu gecə müsəlmanlar tərəfindən müqəddəs sayilır, bu gecədə mömin bəndələrə Allahdan sonsuz nemətlər verildiyi, tövbələrin qəbul edildiyi döylənilir. Rəğaib gecəsində dua etmək, günahların bağışlanmasını istəmək, Qurani-Kərim oxumaq, Həzrət Mühəmməd Peyğəmbərə (s) salavat söyləmək və ibadət etmək tövsiyə olunmuşdur. Bununla belə, əhli-sünnə mənbələrində bu gecənin mahiyyəti barədə dəqiq və mötəbər məlumata rast gəlinmədiyi, rəğaib gecələrinin daha çox ənənəyə bağlı bir mərasim olduğu bildirilir. Şiə məzhəbində də rəcəb ayının ilk cümə axşamı günündə oruc tutmaq, cüməyə keçən gecə yatmayab ibadət etmək, məğrib və işa namazları arasında 12 rükət namaz qılmaq (qoşa rükətlər şəklində) yaxşı əməl sayılır. Bu namazların qılınma şəkli müvafiq məzmunlu kitablarda izah edilib. Lakin müasir müctəhidlərin əksəriyyəti risalədə qeyd edir ki, bu əməllərin müstəhəbliyi barədə qəti və dəqiq sübut yox dərəcəsindədir. Allahdan savabını almağa ümid edərək (şəriətdə buna rəca qəsdi deyilir) bu əməlləri yerinə yetirmək olar, lakin onları qəti şəriət əməli kimi qəbul etmək düzgün deyil.