Deyirlər ki, bu günlərdə göydə quyruqlu ulduz görünəcək və bu, İmam Mehdinin (ə) zühuruna yaxud dünyanın sonuna işarədir. Bu fikir doğrudurmu?
Həqiqətən, astonomların verdiyi məlumata görə, yanvarın sonu-fevralın əvvəlində səmada yaşıl rəngə çalan bir göy cismini müşahidə etmək mümkün olacaq. Bu, səmada dolaşan milyonlarla kometdən biridir. Orbiti çox böyük olan və Yer kürəsinə çox uzaq period (təxminən 50 min il) ərzində yaxınlaşan bu komet keçən il astronomlar tərəfindən kəşf olunub. Fevralın 1-dən 2-nə keçən gecə səhərə yaxın komet daha aydın şəkildə görünəcək. Lakin bununla belə, onun görünməsi adi gözlə bir qədər çətindir, binokl ilə daha rahat görünür. Bu da kometin Yerdən çox uzaq məsafədən keçməsi ilə bağlıdır.
Bu səma cismini hər hansı dini hadisə ilə əlaqələndirməyə gəlincə, bu cür düşüncələrin dini və elmi əsası yoxdur. Səmada Yerdən çox uzaq məsafədə, adi gözlə çətin görünən bir kometin mövcudluğu nə dünyanın sonuna, nə də İmam Mehdinin (ə) zühuruna əlamət kimi yozula bilməz. Zühur əlamətləri haqqında mövcud olan hədislərdə belə bir zəif səma cisminin görünəcəyi qeyd edilməyib. Kometin görünməsi kimi sırf astronomik hadisələri apokaliptik anlayışlara bağlamaq düzgün deyil. Dünyanın sonu və ya İmam Mehdinin (ə) zühuru heç kimə bəlli olmayan bir zamanda, Allahın istəyi ilə, vacib və səhih əlamətlərin həyata keçməsindən sonra baş verəcək.