Həcc mövsümündən başqa vaxt Kəbəni ziyarət edən adama hacı deyilirmi?
Həcc ziyarəti İslamın mühüm ibadətlərindən biridir, sağlamlığı və maddi vəziyyəti icazə verən şəxs ömründə heç olmasa bir dəfə müqəddəs həcc ziyarətinə getməlidir. Lakin bütün digər ibadətlər kimi həccin də xüsusi qaydaları və şərtləri vardır; bunların ən mühüm isə həccin vaxtıdır. Belə ki, Müqəddəs Quranda da buyurulduğu kimi, həcc ziyarəti yalnız bəlli olan vaxtlarda yerinə yetirilir. Hicri təqvimlə zilhiccə ayı həcc ayı sayılır (adından da göründüyü kimi). Məkkə şəhərini və müqəddəs Kəbə evini istənilən vaxt ziyarət etmək böyük savabdır. Müsəlmanların il boyunca Kəbəyə ziyarət səfərləri baş tutur. Xüsusilə, rəcəb və şaban aylarında Məkkəyə ziyarətə gedən nisbətən çox olur. Həcc mövsümündən kənar müddət ərzində Kəbənin ziyarəti ümrə adlanır. Ümrəni yetirmiş şəxs böyük savab qazansa da, hacı sayılmır. Yalnız zilhiccə ayınln bəlli günlərində və şəriətdə nəzərdə tutulmiş şəkildə həcc əməllərini yerinə yetirmiş adama hacı deyirlər.