Niyə Hafiz Şiraziyə Şərqdə “qeybin dili” (lisan əl-ğeyb) deyirlər?
XIV əsrin böyük şairi Hafiz Şirazi Şərq irfan ədəbiyyatının ən görkəmli nümayəndəsi sayılır. Onun qəzəlləri bütün Şərq dünyasında, o cümlədən Azərbaycanda da çox məşhur idi. Hafiz ən çox tədqiq edilən, qəzəllərinə ən çox nəzirə və təxmis yazılan, muğam ustadları tərəfindən müraciət olunan şairlərdəndir. Şərq dünyasında Hafiz barəsində bəzi mistik görüşlər də yaranmışdır. Məsələn, onun qəzəl divanının gələcəkdən xəbər vermək gücünə malik olduğuna inananlar vardı. Ənənəyə görə, fal niyyəti ilə Hafizin divanını açardılar. Bunun üçün niyyət tutub kiçik bir şeir parçası oxuyar, sonra divanın istənilən səhifəsini açar və ilk beytdən məna çıxarmağa çalışardılar. Buna görə Hafiz Şiraziyə Şərqdə “lisan əl-ğeyb”, yəni “qeybin dili” ləqəbi verilmişdi. İnanırdılar ki, Hafizin ruhu insanlara qeyb aləmindən xəbər verərək yardım göstərir. Qeyd edək ki, burada bu əməlin İslama nə qədər uyğun olub-olmadığını mühakimə etmədən yalnız tarixi ənənədən söz açmışıq.