Əgər insan sübh və ya məğrib namazını qılarkən neçənci rükətdə olmasında şəkk edərsə, namaz pozulurmu?
Namazda şəkk etməyin hökmləri çox genişdir və şəriət kitablarında bunlar ətraflı izah edilib. Neçə rükətlik namazda, neçənci rükətdə və hansı əməldə şəkk edilməsindən asılı olaraq, şəkklərin hökmləri də fərqlənir. Namazın rükətlərinin sayı ilə bağlı qarşıya çıxan şəkklər də bu qəbildəndir. Elə şəkklər var ki, onları aradan qaldırmaq mümkündür. Bunun üçün adətən şəkk etdiyi tərəflərdən birini əsas götürür, namazı bitirdikdən sonra ehtiyat namazı qılırlar. Lakin rükət sayları ilə bağlı bəzi şəkklər vardır ki, onlar namazı tamamilə batil edir. İki və ya üç rükətli namaz qılan şəxs hansı rükətdə olmasında şəkk etsə, namazın hansı əməlində olmasına baxmayaraq namazı pozulmuş sayılır. Beləliklə, sübh və ya məğrib namazının rükətlərinin sayında şəkk yaranarsa, namazı kəsmək və yenidən qılmaq lazımdır.