“Bəsirət gözü” nə deməkdir?
Ərəb dilindən tərcümədə “bəsirət” görmək deməkdir. Dini ədəbiyyatda hadisələrin və əşyaların mahiyyətinə nüfuz etmək, əsl mənasını anlamaq, haqqı görmək bəsirət adlandırılır. Bəsirətli insan adi gözlə görülməyən həqiqətləri duyar, hadisələrdən ibrət alar.
Qafil, cahil adam haqqında deyirlər ki, bəsirət gözü bağlıdır. Qurani-Kərim belələri haqqında buyurur: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir” (Bəqərə, 7).
Bəsirət gözü fiziki orqan deyil, amma onu obrazlı ifadə ilə “qəlbin gözü” adlandırırlar. Quranda buyurulur: “Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər kor olar” (Həcc, 46). Qurani-Kərimdə kafirlərin gözdən məhrum və kor olmaqları deyilərkən, fiziki mənada korluq deyil, haqq qarşısında inadkarlıq və imansızlıq nəzərdə tutulur.
Həzrət Mühəmməd Peyğəmbər (s) insan üçün bəsirət gözünün əhəmiyyətini belə açıqlayırdı: “Əsl kor o deyil ki, gözü görmür. Əsl kor odur ki, bəsirəti yoxdur”. İmam Əli (ə) də: “Mən görmədiyim Rəbbə ibadət etmərəm!” buyurarkən məhz bəsirət gözü ilə Allahı tanımağı nəzərdə tuturdu.