İslam suallarda

İslam dini ailə qurmamağa və subay yaşamağa necə baxır?

Ailə İslam dinində ən çox dəyər verilən məfhumlardan biridir. Dinimizə görə, günaha batmadan ailə qurmaq, ailə içində əxlaqlı davranmaq, ailə üzvlərinin hüququnu qorumaq müsəlmanlar üçün çox vacibdir. Dinimiz imkan daxilində tez ailə qurmağı təşviq edir. Məsumların hədislərində buyurulur ki, ailə quran öz dininin yarısını qorumuş olar. Bunun səbəbi subay adamın öz şəhvətini halal yolla təmin edə bilməməsi üzündən günaha daha tez düşmə ehtimalının olmasıdır. Adamın öz ailəsi üçün halal ruzi qazanması, dünyaya övlad gətirməsi və onu gözəl tərbiyə ilə böyütməsi böyük savab sayılır. Bu savabları yalnız ailə qurmaqla qazanmaq olar. Bəziləri müəyyən maddi çətinliklər üzündən, eləcə də, gələcək maddi durum barədə arxayın olmadıqları üçün ailə qurmağı çox təxirə salırlar. Halbuki, dinimizə görə Allaha təvəkkül etmək, Allahın ailəyə ruzi verəcəyinə inanmaq lazımdır. Bununla yanaşı, ailə quran zaman, tərəf-müqabil seçən zaman diqqətli və tədbirli olmaq da mühümdür.
Qeyd edək ki, bəzi dövrlərdə sufi dərvişlərin bir qismi ailə qurmaqdan imtina etmişlər. Lakin onların tərki-dünya davranışı, o cümlədən, ailə qurmaması dini göstərişlərlə uyğun gəlmir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button