Dünyada baş verən zəlzələlər Allahın insanlara verdiyi cəzadırmı?
Dünyada hər bir hadisə Allahın elmi və hikməti əsasında baş verir. İnsan ilahi hikməti tam anlamaqda acizdir. Bəzi hadisələrin səbəbi barədə insana biliklər verilib, bəzi hadisələrin səbəblərinin yalnız cüzi bir hissəsi insana məlumdur, bəzi hadisələrin hikməti isə ümumilikdə insandan gizlidir. Təbii fəlakətlərdə mütləq mənada ilahi cəza axtarmaq düzgün deyil. Unutmayaq ki, Allah dünyanı təbiət qanunları əsasında idarə edir, zəlzələ, tufan, sel kimi fəlakətlər də təbiətdə baş verən bəzi proseslərin məntiqi yekunudur. Bu fəlakətlər bir qisim insanların həyatına son qoysa da, məsələni daha geniş miqyasda təsəvvür etməliyik. Hər bir hadisədə insanın anlamadığı məsləhət vardır. Bütün hadisələr kimi, təbii fəlakətlər insanlar üçün sınaq da ola bilər, cəza da. Təbii fəlakətlərin bəzi dağıdıcı təsirləri isə birbaşa insan fəaliyyəti ilə bağlıdır. Məsələn, zəlzələ zamanı dağıntıların çox olmasının bir səbəbi də binaların tikilişi zamanı səhlənkarlığa yol verilməsi, seysmik zonalarda hündür binaların inşa olunması, sakinlərin təhlükəsizlik qaydalarını pozması və s.-dir. Bu kimi nöqsanların olduğu yerdə zəif zəlzələnin də böyük fəlakətlər gətirməsi tamamilə təbiidir.