Uşağa nə qədər müddət ərzində ana südü verilməlidir?

Müasir elm də təsdiq edir ki, körpəyə verilən qidaların ən yaxşısı ana südüdür. Ana südü uşağın sağlam və normal böyüməsi üçün lazım olan bütün faydalı elementləri özündə daşıyır. Əlavə olaraq, körpəni əmizdirmək ana ilə bala arasında olan bağlılığı daha da artırır. Ana südü ilə qidalanmayan uşaqlar müxtəlif xəstəliklərə qarşı daha dözümsüz olurlar. Ona görə dinimizdə də körpəni ana südü ilə böyütmək təkid edilib. Qeyd edək ki, bu, ana üçün vacib deyil, əgər körpəsinə istər üzürlü, istərsə üzürsüz səbəbdən süd verməsə günah qazanmır, amma üzürsüz səbəbdən bunu edərsə xoşagəlməz əməl sayılır. Əlbəttə, ana öz körpəsinə süd vermədiyi təqdirdə muzdla dayə tutmaq da olar. Uşağa süd vermə hökmünün müxtəlif xırdalıqları vardır ki, risalələrdə qeyd edilib. Süd vermənin müddətinə gəlincə, yaxşı olar ki, bu müddət 21 aydan az olmasın. Amma 2 yaşdan böyük uşağı da əmizdirmək məsləhət deyil. Bu yaşqdan sonra ana südü uşaq üçün öz faydasını itirir.