İslam suallarda
Üluləzm peyğəmbərlərin ləqəbləri nə olmuşdur və bu ləqəblərin mənası nədir?
Qeyd edildiyi kimi, üluləzm peyğəmbərlərin sayı 5-dir: Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Mühəmməd (s). Bu 5 peyğəmbərin dini kitablarda xüsusi ləqəbləri də qeyd edilib. Həzrət Nuh Peyğəmbərin (ə) ləqəbi Nəciyullahdır (yəni Allahın nicat verdiyi şəxs). Böyük tufandan Allahın izni ilə nicat tapdığı üçün bu ləqəbi qazanıb. Həzrət İbrahimə (ə) Xəlilullah deyirlər (yəni Allahın dostu). Ola bilər ki, səbəbi o həzrətin bütləri sındırması və şiddətlə tövhidi təbliğ etməsi idi. Həzrət Musa Peyğəmbər (ə) Misir yolunda ikən Allah-Taala yanan ağac vasitəsilə onunla danışdığı üçün Kəlimullah ləqəbini qazanmışdı (yəni Allahla danışan). Həzrət İsa Peyğəmbər (ə) Allahın hökmündə olan ruhun mələk vasitəsilə Həzrət Məryəmə ötürülməsi nəticəsində dünyaya gəlmişdi, buna görə onun ləqəbi Ruhullahdır. Həzrət Mühəmməd Peyğəmbər (s) isə bütün bəşəriyyətin ən üstünü, peyğəmbərlərin möhrüdür (sonuncusudur), yaradılmışların ən xeyilisidir. Bu səbəbdən o həzrətin ləqəbi Həbibullahdır (yəni Allahın sevimlisi).