Xəsislik etmək günahdırmı?
İslam əxlaqına görə, mənəvi xüsusiyyətlər fəzilət və rəzalət adlanan iki qrupa bölünür. Fəzilət insan üçün üstünlük sayılan cəhətlər, rəzalət isə əskiklik və nöqsanlardır. Hər bir fəzilətin əksi olan rəzalət vardır. Fəzilətin ifrat (həddən artıq) və ya təfrit (həddən az) formaları rəzalət sayılır. Məsələn, səxavət, yəni əliaçılıq fəzilətdir. Səxavəti tərifləyən xeyli ayə və hədislər mövcuddur. Səxavətin ifrat halı israfçılıq, təfrit forması isə xəsislikdir; bunların hər ikisi insan üçün nöqsan sayılır. Xəsis adam başqaları tərəfindən də sevilmir və məzəmmət olunur. Xəsislik yalnız mənəvi xüsusiyyət olaraq günah deyil, amma bunun nəticəsində şəriətə və əxlaqa zidd olan hadisə baş verərsə, günah sayıla bilər. Məsələn, çox zəruri, həyati əhəmiyyətli ehtiyacı olan adama qəsdən, xəsislik üzündən yardım etməmək günahdır. Əgər həmin adamın həyatı bu laqeydliyin nəticəsində təhlükəyə düşərsə, imkanı ola-ola yardım etməyən adam bunun üçün Allah yanında məsuliyyət daşıyar. Beləliklə, xəsislik bir mənəvi xüsusiyyət olaraq öz-özlüyündə günah sayılmasa da, günah əməllər üçün səbəb və müqəddimə ola bilər. Hər bir halda, insan bu mənfi xasiyyəti özündən uzaqlaşdırmağa çalışmalıdır.