On ikinci İmamın insanlarla rabitəsi kimin vasitəsilə baş verir?
Şiə inancına görə 12 imamın sonuncusu Həzrət Mehdi (ə) atası İmam Əsgərinin (ə) şəhadətindən sonra kiçik yaşda qeybə çəkilmişdir. Qeyb dövrü dünyanın sonundan bir qədər əvvələ kimi davam edəcək və Allahın təyin etdiyi gündə o həzrət zühur edəcək.
İmam Mehdinin (ə) qeyb dövrü 2 əsas mərhələyə bölünür: kiçik qeybət və böyük qeybət. Kişik qeybət mərhələsi 874-cü ildən 941-ci ilə kimi davam etmişdir. Bu müddət ərzində İmam Mehdi (ə) Bağdadda yaşayan 4 nəfər vasitəsilə insanlarla rabitə saxlayırdı. Naib adlandırılan bu şəxslər müsəlmanların sual və xahişlərini İmama çatdırır, onun cavab və göstərişlərini də insanlara elan edirdilər.
941-ci ildə dördüncü naib vəfat etdi, bununla da zühura kimi davam edəcək böyük qeybət mərhələsi başladı. Böyük qeybət mərhələsində İmam Mehdinin (ə) konkret naibləri yoxdur. O həzrət bəzi şəxslərlə görüşsə də, adətən bu görüşlər gizli saxlanılır və bunlar barədə məlumatlar ziddiyyətli olur. Böyük qeybət dövründə özünü İmamın naibi adlandırmağa heç kimin haqqı yoxdur, bu iddiada olan, İmamla görüşdüyünü, ondan xəbər gətirdiyini söyləyən şəxslərə də inanmağımız vacib deyil.