Dini kitablarda rast gəldiyimiz “isra” hadisəsi nədir?
Lüğəvi mənada “isra” gecə səyahəti deməkdir. Dini anlamda Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatında hicrətdən əvvəl, Məkkə dövründə baş vermiş məşhur bir hadisəyə deyilir. Çox zaman “isra” kəlməsini yüksəliş mənasını verən “merac” kəlməsi ilə yanaşı işlədirlər. Qurani-Kərimin 17-ci surəsində də isra barəsində danışıldığı üçün surəyə “İsra” adı verilib. İslam tarixinə əsasən, Həzrət Mühəmməd Peyğəmbər (s) bir gecə Allahın əmri və dəvəti ilə yaşadığı Məkkə şəhərindən əvvəlcə Beytül-müqəddəsə (indki Qüds şəhərinə) səfər etmiş, oradan isə səmaya qaldırılmışdır. Bu səfərin birinci mərhələsi, yəni Məkkədən Beytül-müqəddəsə səfər isra adlandırılır, oradan səmaya yüksəlişə isə merac deyirlər. Bəzi rəvayətlərə görə Peyğəmbər (s) Büraq və ya Rəfrəf adlı qeyri-adi varlığın tərkində bu səyahəti həyata keçirmişdir. İsra və meracın nə zaman baş verdiyi barədə məlumatlar dəqiq deyil, amma üstün olan fikrə görə, peyğəmbərliyin 10-cu ili ilindən, yəni Əbutalibin vəfatından sonra, amma hicrətdən əvvəl baş vermişdir. Müsəlmanlar əsasən 17 ramazan və ya 27 rəcəb gecələrini isra və merac gecəsi kimi qeyd edirlər.