Cənazənin büküldüyü kəfənın parçası hansı ölçüdə, neçə ədəd və hansı materialdan olur?
Şəriətimizə görə, hər bir cənazənin dəfndən əvvəl qüsl edilməsi və kəfənə bükülməsi vacibdir. Bəzi istisna halları çıxmaq şərti ilə qüsl-kəfən edilmədən cənazəni dəfn etmək icazəli deyil.
Kəfənin ağ rəngli parçadan olması məsləhətdir. Cənazənin kəfəni onun sağlığında geyindiyi və yaşına, cinsinə uyğun olan materialdan hazırlansa daha yaxşıdır. Bu zaman israfa yol vermək və bahalı parça istifadə etmək bəyənilmir. Məsum imamlar, böyük övliyalar cümə namazı zamanı geyindikləri köynəyin onlara kəfən edilməsini vəsiyyət etmişlər. Bəzi rəvayətlərdə sıravi müsəlmanların təbərrük məqsədi ilə məsumların köynəyini alıb özlərinə və yaxınlarına kəfən etmələri qeyd olunub.
Kəfən ən azı üç ədəd parçadan ibarət olur. Bunların biri qəmis adlanır, cənazəni çiyindən baldıra qədər örtür. İkincisi parça izar adlanır və sinədən ayaqların ucuna qədər uzunluqda olur. Üçüncü parça isə lifaf adlanır və uzunluğu cənazənin boyundan bir qədər artıq olur ki, artıq qalan hissələri düyünləyir, cənazəni qəbrə qoyduqdan sonra düyünləri açırlar. Hənbəli məzhəbinə görə kişi cənazəsi qəmis və izara deyil, üst-üstə 3 ədəd lifafəyə bükülür.
Çox vaxt qadının kəfəninə saçı yığmaq üçün baş yaylığı və sinə örtüyü də əlavə edilir. Qadın cənazəsinin birdən daha çox (iki və hətta dörd) lifafəyə bükülməsini sünnət sayırlar.